Bakı. Trend:
Azərbaycanın növbəti mərhələdə ağıllı kənd təsərrüfatı modelinə keçidi real və zəruri istiqamətdir.
Trend xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Vüqar İskəndərov komitədə keçirilən “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmədə deyib.
Millət vəkili, iclasda səsləndirilən məlumatları nəzərə alaraq iki vacib təklifi diqqətə çatdırıb.
O bildirib ki, birinci təşəbbüs “Ağıllı fermer” – milli süni intellekt platformasının yaradılmasıdır:
“Dövlət və aqrar qurumların məlumat bazaları arasında vahid süni intellekt platforması qurula bilər. Bu platforma fermerlərə mobil tətbiq vasitəsilə müxtəlif tövsiyələr verə bilər.
Məsələn, platforma aşağıdakı imkanları təmin edə bilər:
- peyk görüntüləri və sensorlar əsasında torpağın rütubətinin və məhsul vəziyyətinin analizi;
- xəstəlik və zərərvericilərin erkən aşkarlanmasına dəstək;
- suvarma və gübrələmə üçün optimal vaxtın müəyyən edilməsi;
- regionlar üzrə məhsuldarlıq proqnozlarının əvvəlcədən verilməsi və preventivproblemlərin qarşısının alınması. Bu xüsusilə kiçik və orta fermerlərin texnologiyaya çıxışını artıraraq məhsuldarlığın ciddi şəkildə yüksəlməsinə dəstək ola bilər.
Deputat vurğulayıb ki, ikinci təklifi aqrar dron və robot texnologiyalarının tətbiqi ilə bağlıdır:
“Süni intellektlə işləyən aqrar dronlar və robot texnikası üçün xüsusi tətbiq yaradıla bilər.
Bu proqram çərçivəsində:
- dronlar vasitəsilə sahələrin monitorinqi və xəritələnməsi,
- dəqiq pestisid və gübrə səpilməsi (bu israfçılığın qarşısını ala bilər),
- böyük sahələrdə avtomatlaşdırılmış əkin və məhsul yığımı kimi proseslər həyata keçirilə bilər.
V.İsgəndərov əlavə edib ki, Azərbaycan Dövlət Aqrar Universitetində süni intellekt və aqrar texnologiyalar üzrə laboratoriyaların yaradılması prosesinin sürətləndirilməsinə də böyük ehtiyac var.
“Bütün bunlar su və gübrə istifadəsini azalda, məhsuldarlığı artıra və kənd təsərrüfatı sahəsində daha rəqabətli mühit yarada bilər”, - deyə o fikrini yekunlaşdırıb.
