Bakı. Trend:
Süni intelektin kənd təsərrüfatında tətbiqi səbəblərindən biri inkişaf etmiş ölkələrdə və eləcə də bir sıra inkişaf etmiş dövlətlərdə kənd təsərrüfatında işçi qüvvəsi çatışmazlığıdır.
Trend xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin Aqrar siyasət komitəsində keçirilən “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmədə deyib.
Millət vəkili nümunə gətirib ki, bu rəqəm əksər inkişaf etmiş dövlətlərdə 2 faizədəkdir, Rusiyada 5, Polşada isə 6 faizdir. Ekosistemi yaxın olan Qazaxıstanda 11, Türkiyədə 14 faizdir. Niderlanda məşğul əhalinin 2 faizi kənd təsərrüfatında çalışsa da, 2025-ci ildə bu ölkənin aqrar ixracatı 137,5 milyard avro olub:
“Məşğul əhalinin üçdə birinin çoxunun çalışdığı Azərbaycanda isə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 2025-ci ildə 1,3 milyard dollar olub. Azərbaycanda istehsal və ixrac imkanlarının artırılması və qeyd edilən fərqlərin azaldılması üçün məhz süni intelektdən daha sıx şəkildə istifadə vacibdir”.
Deputat vurğulayıb ki, Kənd Təsərrüfatı Nazirliyi süni intelektin tətbiqi nəticəsində aqrar sektorda əldə edilən daha konkret nəticələr barədə də məlumat verməlidir:
“Süni intelektdən və ya rəqəmsal həllərdən istifadə nəticə deyil, vasitədir. Nəticə konktet iqtisadi dəyərlə ifadə olunur. Eləcə də, kənd təsərrüfatı sektorunda yaradan dəyərin hansı hissəsinin süni intelekt və ya rəqəmsal həllərin tətbiqi nəticəsində əldə edilməsinin də hesablanmasına ehtiyac var.
Hazırda süni intellektin tətbiqi nəticəsində qlobal aqrar sektorda yaradılan dəyər 4,7 milyard dollar intervalında qiymətləndirilir. 2035-ci ilədək isə 46,6 milyard dollara çatacağı proqnozlaşdırılır. Azərbaycanda hələ süni intelektin sektorial yaratdığı dəyər ölçülmür və kənd təsərrüfatında bu praktikanın tətbiqi çox vacibdir. Süni intelektdən aqrar sektorda istifadə imkanları geniş olmaqla yanaşı, bu sahədə yaradılan dəyərin artmasına səbəb ola bilər”.
