Bakı. Trend:
Vaşinqtonda keçirilən ABŞ–Azərbaycan Ticarət və Biznes Konfransı konfransı iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı, o cümlədən iqtisadi əməkdaşlığın genişləndirilməsi, ticarət əlaqələrinin gücləndirilməsi kimi məsələlərə həsr olunub.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.
Konfrans çərçivəsində “İkitərəfli ticarətin və strateji əməkdaşlığın gücləndirilməsi” mövzusunda açılış sessiyası keçirilib.
Açılış sessiyasında çıxış edən SOCAR-ın prezidenti Rövşən Nəcəf otuz ildən çox müddətdə Azərbaycan ilə ABŞ arasında enerji sahəsində uğurla davam etdirilən əməkdaşlığın ölkəmizin enerji sektorunun inkişafına mühüm töhfə verdiyini bildirib. ABŞ şirkətlərinin Azərbaycanın iri neft-qaz layihələrində iştirak edən ilk tərəfdaşlardan olduğunu söyləyən SOCAR-ın prezidenti bu əməkdaşlığın möhkəm təməlinin “Əsrin müqaviləsi”nin imzalanması ilə qoyulduğunu deyib.
Ötən illər ərzində SOCAR ilə ABŞ şirkətləri arasında səmərəli
əməkdaşlığın enerji sektorunun müxtəlif istiqamətlərində
genişləndiyini söyləyən Rövşən Nəcəf bu tərəfdaşlığın kəşfiyyat və
hasilat ilə yanaşı, mühəndislik, rəqəmsal texnologiyalar və
dayanıqlılıq təşəbbüslərinə qədər mühüm istiqamətləri əhatə
etdiyini vurğulayıb. Xüsusilə, süni intellektin biznesdə
istifadəsinin geniş vüsət alması ilə Data mərkəzlərinin
yaradılmasına tələbatın artdığı bir dövrdə bu məsələnin də diqqət
mərkəzində olduğunu qeyd edib.
SOCAR-ın prezidenti Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə
Avropaya etibarlı təbii qaz tədarükləri həyata keçirdiyini
bildirərək ölkəmizin Avropanın enerji təhlükəsizliyinin
gücləndirilməsində mühüm rol oynadığını diqqətə çatdırıb.
Rövşən Nəcəf strateji coğrafi mövqeyi, inkişaf etmiş infrastrukturu və uzun illər ərzində formalaşmış uğurlu beynəlxalq əməkdaşlıq təcrübəsi sayəsində Azərbaycanın regional enerji mərkəzi və Xəzər regionuna açılan mühüm qapı kimi mövqeyini daha da möhkəmləndirdiyini qeyd edib.
Regional bağlantıların inkişafının Cənubi Qafqazda iqtisadi əməkdaşlığın və uzunmüddətli sabitliyin formalaşmasındakı rolundan bəhs edən R.Nəcəf TRIPP təşəbbüsünün ticarətin təşviqi və regional inteqrasiyanın artırılması baxımından mühüm imkanlar yaratdığını diqqətə çatdırıb.
Tədbirdə enerji, texnologiya və maliyyə sektorları üzrə əməkdaşlıq imkanlarına dair bir sıra panel müzakirələri təşkil olunub. SOCAR-ın vitse-prezidenti Əfqan İsayev “Enerji infrastrukturunun inkişafı və gələcəyin enerji sektoruna kapital axını” mövzusunda keçirilən panel sessiyasında çıxış edib.
Qeyd edək ki, ötən ay “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası” imzalanıb. Bu xüsusda, ABŞ–Azərbaycan Ticarət və Biznes Konfransı iki ölkənin şirkətləri arasında biznes əlaqələrinin genişləndirilməsi, yeni investisiya imkanlarının müəyyənləşdirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.
