...

Süni intellektdən istifadə edən texnologiyaları özəl sektor ortaya qoymalıdır – Fariz İsmayılzadə

Cəmiyyət Materials 11 Mart 2026 12:24 (UTC +04:00)
Süni intellektdən istifadə edən texnologiyaları özəl sektor ortaya qoymalıdır – Fariz İsmayılzadə
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyi sifarişçi kimi çıxış edir. Çünki nazirliyinin özünün texnoloji imkanları o qədər deyil ki, orada mühəndislər, proqramçılar işləsinlər, yeni tətbiqlər ortaya qoysunlar.

Trend xəbər verir ki, bunu bu gün Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə parlamentin Aqrar siyasət komitəsində keçirilən “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmədə deyib.

Sədr müavini bildirib ki, bu tətbiqləri, proqramları, süni intellektdən istifadə edən texnologiyaları özəl sektor ortaya qoymalıdır, müəyyən şirkətlər ortaya çıxarmalıdır:

“Bizdə proqramçılar qrupları yaranmalıdır. Yəni bu sahədə bizdə hələ bir az boşluq var. Azərbaycanda bu sahə bir qədər zəif inkişaf edib. Düzdür, bizim gənc IT mütəxəssislərimiz var, amma hansısa dünya ölkəsi ilə rəqabət apara biləcək tətbiqin ortaya qoyulduğunu mən hələ görməmişəm: startaplar olsun və ya digər layihələr olsun – bu sahəyə biz diqqət etməliyik. Çalışmalıyıq ki, Azərbaycanda yerli məhsullar inkişaf etsin, yerli tətbiqlər, yerli süni intellektlə bağlı proqramlar yaradılsın”.

Millət vəkili bildirib ki, bunun üçün də özəl sektor, təhsil müəssisələri və dövlət qurumları birlikdə çalışmalıdır:

“Yəni bu üçtərəfli tərəfdaşlıq olmalıdır. Dövlət qurumları, bəlkə, sifarişçi kimi çıxış edir, özəl sektor məhsullar ortaya qoyur – tətbiqlər, proqramlar, yeni icadlar. Elmi müəssisələr isə bunun üçün kadr hazırlayır.

Əgər bu üçtərəfli tərəfdaşlıq olarsa və doğrudan da Azərbaycan özəl şirkətləri və proqramçıları yeni məhsullar ortaya qoya bilərlərsə, biz gələcəkdə bunu xaricə də sata bilərik. Çünki Azərbaycan bazarı kifayət qədər kiçik bazardır. Əgər regional bazara baxsaq – Orta Asiya, Cənubi Qafqaz, Rusiya, Yaxın Şərq – bu ölkələrə də öz tətbiqlərimizi, öz IT məhsullarımızı sata bilərik. Beləliklə, biz artıq ixracla da məşğul ola bilərik və bundan müəyyən qazanc əldə edə bilərik.

Kənd təsərrüaftı nazirinin diqqətini bu məsələyə cəlb edim: biz necə edə bilərik ki, təkcə Azərbaycan bazarı üçün yox, regional bazar üçün tətbiqlər və həllər təklif edək? Bununla da IT sahəsi daha da inkişaf edə bilsin”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti