...

ABŞ İranla münaqişə fonunda Rumıniyadakı hərbi kontingentini gücləndirir

Dünya xəbərləri Materials 11 Mart 2026 10:57 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ hökuməti Rumıniyanın şərqində yerləşən Mixail Koqelniçanu aviabazasına əlavə silahlı qüvvələr yerləşdirməyə hazırlaşır.

Trend bu barədə Rumıniya KİV-ə istinadən xəbər verir.

Yerli KİV yazır ki, hərbi kontingentin gücləndirilməsi Yaxın Şərq münaqişəsi ilə bağlıdırı və əlavə qüvvələrin yerləşdirilməsi Rumıniyanı müttəfiq ölkəyə çevirmiş olacaq.

Jurnalistlərin dəqiqləşdirdiyinə görə, söhbət əlavə qırıcı təyyarələrin və hərbi qulluqçuların yerləşdirilməsindən gedir, lakin onların dəqiq sayı açıqlanmır.

Rumıniya Prezidenti Nikuşor Dan isə öz növbəsində martın 11-i səhər ölkənin Ali Müdafiə Şurasının iclasını çağıracaq. İclasda ABŞ hərbi kontingentinin ölkədə müvəqqəti yerləşdirilməsinin təhlil edilməsi planlaşdırılır.

Fevralın 28-də ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. İslam Respublikasında bir çox şəhərlər, o cümlədən paytaxt da hücuma məruz qalıb. Buna cavab olaraq İran İsrailə və Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına raketlər və pilotsuz uçuş aparatları ilə zərbələr endirir.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti