Bakı. Trend:
Qızılın qiymətində qlobal miqyasda müşahidə olunan rekord artım investorların və bazar iştirakçılarının diqqət mərkəzindədir. Dünyada geosiyasi gərginliklərin artması, maliyyə bazarlarında qeyri-müəyyənlik və mərkəzi bankların siyasətinə dair gözləntilər bu bahalaşmanı şərtləndirən əsas amillər sırasındadır. Əmtəə Birjasında qızılın bir unsiyasının 4 300 dolları ötərək tarixi maksimuma çatması Azərbaycan bazarına da təsirsiz ötüşmür. Gələcəkdə qiymətlərin hansı istiqamətdə dəyişəcəyi həm yerli, həm də beynəlxalq investorlar üçün xüsusi əhəmiyyət kəsb edir.
İqtisadçı Rövşən Əmircanov Trend-ə açıqlamasında deyib ki, qızılın bu həddə bahalaşması Azərbaycan bazarına da birbaşa təsir göstərir. Onun sözlərinə görə, ölkədə qızılın qiyməti beynəlxalq birjaların göstəriciləri əsasında formalaşır və son günlərdə daxili bazarda həm külçə, həm də müxtəlif əyarlı – yəni 585 və 750 əyarlı – zinət əşyalarının satış qiymətində artım müşahidə olunur:
“Qiymət artımı yalnız qızıl ilə məhdudlaşmır, bu tendensiya digər qiymətli metallar, o cümlədən gümüş, platin və palladiuma da şamil olunur. Qiymətli daşlar bazarında isə nisbətən sabit vəziyyət müşahidə edilir. Bəzi seqmentlərdə, xüsusilə 0.30 karatdan aşağı brilyantlarda tələbin zəifləməsi fonunda qiymətlərdə cüzi azalma qeydə alınır”.
Mütəxəssis qızıl qiyməti ilə bağlı proqnozlarını da açıqlayıb:
“Qiymətlərdə müəyyən korreksiyaların baş verməsi mümkün olsa da, qızılın 4 300 ABŞ dolları səviyyəsindəki həddin üzərində qalacağı gözlənilir. Mövcud qlobal iqtisadi və geosiyasi meyillər fonunda ilin sonuna qədər əlavə bahalaşma ehtimalı da istisna edilmir. Bu kontekstdə qızılın 4 300-4 800 dollar intervalına çatması real perspektiv kimi qiymətləndirilir”.
İndiki məqamda qızıla investisiyalar nə dərəcədə səmərəli hesab edilir?
R. Əmircanov vurğulayıb ki, investisiya baxımından mövcud şəraitdə qızıla sərmayə qoyuluşu səmərəli hesab olunur:
“Xüsusilə 999.9 əyarlı külçə və sikkələr bazar qiymətinə birbaşa bağlı olduqları üçün investorlar üçün daha əlverişli alət sayılır. Bu tip məhsullarda satış zamanı dəyər itkisi minimum səviyyədə olur və əlavə xərclər, demək olar ki, tətbiq edilmir.
Digər tərəfdən, 585 və ya 750 əyarlı zinət əşyalarında məhsulun dəyərinin əhəmiyyətli hissəsi işçilik və dizayn elementləri ilə bağlıdır. Bu səbəbdən sözügedən məhsullar əsasən estetik və gündəlik istifadə məqsədi daşıyır və sərmayə aləti kimi külçə və sikkələrlə müqayisədə daha az effektiv sayılır”.
Qızılın bir unsiyasının qiyməti 5000 dolları ötə bilər
İqtisadçı Eldəniz Əmirov isə hesab edir ki, bu gedişlə qızılın qiyməti 2028-cu ilin sonuna qədər kəskin bahalaşacaq. O, Trend-ə açıqlamasında bildirib ki, bunu əsaslandırmaq çətin deyil:
“2025-ci ilin yanvarından sentyabrına qədər qızılın 1 unsiyası
2,720 dollardan 3,700 dollara yüksəlib. Yəni 9 ayda 35,7% artım baş
verib. Bu dinamika ilə davam edərsə, qarşıdakı 3 ildən bir az artıq
müddətdə qiymətin iki dəfə yüksəlməsi ehtimalı vardır. Başqa sözlə,
ABŞ hökuməti hazırkı iqtisadi kursu dəyişmədən daha da
gücləndirərsə, qızıl 5000 dolları keçə bilər. Bu mütləq rəqəm
deyil, amma sükan arxasında D. Tramp əyləşdiyi üçün ehtimal
yüksəkdir”.
İqtisadçı vurğulayıb ki, tarixi təcrübə də bunu təsdiqləyir:
“2017-ci ildə Donald Tramp hakimiyyətə gələndə qızılın qiyməti
təxminən 1200 dollar idi. Onun hakimiyyətinin son günündə, 2021-ci
ilin yanvarında isə qiymət 1840 dollar olmuşdu. Yəni Tramp dövründə
qızıl 52–53% bahalaşdı.
İndi də Tramp hakimiyətdədir və qızıl durmadan bahalaşır. Sual
yaranır ki, niyə Tramp dövründə qızıl qalxır? Cavab sadədir: Tramp
ucuz dolların tərəfdarıdır. Dollar ucuzlaşanda Amerika ixrac
malları xarici bazarlarda daha ucuz görünür və rəqabət qabiliyyəti
artır. Tramp bu məqsədlə dəfələrlə Federal Ehtiyat Sistemi (FES)
rəhbərliyi ilə mübahisə edirdi. O, yüksək faiz dərəcələrinə qarşı
çıxırdı, çünki yüksək faizlər dolları gücləndirir. Dollar
gücləndikcə ABŞ-nin ixracı çətinləşir, istehsalçıları rəqiblərə
rəqabətdə uduzur”.
Dolların ucuzlaşması və qlobal risklər qızılın qiymətini artırır
E. Əmirovun sözlərinə görə, dolların ucuzlaşması qızılın qiymətində dəyişikliyə səbəb olur:
“Çünki qızıl dollarla qiymətləndirilir. Dollar zəifləyəndə dünya
bazarında qızıl daha cəlbedici olur, tələb artır, qiymət qalxır.
Bundan başqa, zəif dollar dövründə investorlar risklərdən
sığortalanmaq üçün qızıla üstünlük verirlər.
Beləliklə, həm iqtisadi siyasət, həm də investor davranışları
qızılı daim təhlükəsiz investisiya alətinə çevirir. Bu gün də oxşar
dinamika müşahidə olunur. Dolların dəyərsizləşdirilməsi siyasəti və
qlobal risklər fonunda qızılın qiymətinin artımı davam edir”.
İqtisadçı qeyd edib ki, bu baxımdan hökumətlər ehtiyatlarını daha
dayanıqlı etmək üçün qızılın payını 2027-ci ilin sonuna qədər
hissə-hissə artırmaq barədə düşünə bilər:
“Çünki 2028-ci ilin sonlarından başlayaraq qızılın qiymət
artımında durğunluq yaşanacağını gözləmək olar.
Eyni zamanda investisiya yatırmaq istəyən digər hüquqi və fiziki
şəxslər üçün də bu bildirdiklərim dəyərləndirilə bilər”.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda 2 113 kiloqram qızıl istehsal edilib. Qızıl istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 637 kiloqram və ya 43,1% artıb. Cari ilin sentyabr ayının birinə ölkədə hazır qızıl ehtiyatının miqdarı 114,5 kiloqram olub.
Eyni zamanda 2025-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycana 22 ölkədən 3,750 milyard ABŞ dolları dəyərində 38,459 min kiloqram qızıl idxal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal edilən qızılın dəyəri 2,2 milyard ABŞ dolları və ya 2,5 dəfə, həcmi isə 18,554 min kiloqram və ya 1,9 dəfə artıb. Hesabat dövründə Azərbaycana qızıl idxal edən TOP-3 ölkələr sırasına Rusiya, Böyük Britaniya və Amerik Birləşmiş Ştatları (ABŞ) daxil olub.