Bakı. Trend:
Azərbaycan xalqı çox gözəl bilir ki, Ramiz Mehdiyev kimi yüzlərlə cılız və hakimiyyət hərisləri olsa belə, onlar iki yüz illik dünya erməniliyi, erməni lobbisi və işğalçı Ermənistanın arxasında dayanan super gücləri 44 gün ərzində məğlub edən Müzəffər Ali Baş Kamandanımızın dəmir yumruğu qarşısında çox acizdirlər.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili xatırladıb ki, məhkəmənin qərarına əsasən, dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması ağır cinayət işləri üzrə Ramiz Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.
“Azərbaycan xalqı hətta ölkəmizin ən çətin günlərində 1994 və 1995-ci illərdə dövlət çevrilişlərində belə Ulu Öndər Heydər Əliyevin ətrafında sarsılmaz birlik numayiş etdirib. Dövlət çevrilişinə cəhd edən, hakimiyyəti zorla ələ keçirmək istəyən bu cinayətkar qüvvələr öz çirkli əməlləri ilə həm də dövlətimizin qurucusu, bütün həyatı boyu Azərbaycan xalqının rifahına və dövlət müstəqilliyimizin sarsılmazlığına xidmət etmiş Ulu öndər Heydər Əliyevə, Azərbaycan xalqını dünyada qalib xalq kimi tanıdan və beynəlxalq aləmdə dövlətimizə böyük imic qazandıran Prezident İlham Əliyevə və azadlığımız, müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçmiş əziz şəhidlərimizin ruhuna qarşı xəyanətdir.
Sözsüz ki, Azərbaycan xalqı və gələcək nəsillər bu xəyanəti heç vaxt bağışlamayacaq.
Şübhəsiz ki, kimliyindən və tutduğu mövqedən asılı olmayaraq dövlətçiliyimizə, dövlət başçısına xəyanət edən hər kəs, eləcə də Ramiz Mehdiyev və onun "silahdaş"ları qanun qarşısında cavab verəcəklər.
Azərbaycan xalqı və ictimaiyyəti öz dövlətinə və Prezidentinə inanır, güvənir və hər zaman onun ətrafında sarsılmaz birlik nümayiş etdirir və bu birlik belə də davam edəcək”, - deyə deputat fikrini tamamlayıb.