...

Almaniya Bundestaqında hərbi xidmət haqqında qanun layihəsinin ilk müzakirəsi keçirilib

Dünya xəbərləri Materials 17 Oktyabr 2025 01:05 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya Bundestaqında hərbi xidmət haqqında yeni qanun layihəsinin ilk müzakirəsi keçirilib.

Trend xəbər verir ki, müzakirələrdə son günlərdəki gərgin debatlara baxmayaraq kompromis əlamətləri müşahidə olunub. Müdafiə naziri Boris Pistorius qanun layihəsini müdafiə edərək dəyişiklik təkliflərinə açıq olduğunu bildirib və ölkənin müdafiə qabiliyyətinin təmin edilməsi üçün kimlərin hansı ixtisasa malik olduğunu bilməyin vacib olduğunu vurğulayıb.

Nazir qeyd edib ki, könüllülük yetərli olmadığı halda yalnız Bundestaqın qərarı ilə məcburi çağırış tətbiq oluna bilər: “Əgər könüllülük kifayət etməsə, məcburi hərbi xidmətin tətbiqindən başqa yol qalmayacaq. Lakin bu, yalnız Bundestaqın qərarı ilə, tam aydın və əvvəlcədən müəyyən edilmiş şərtlərlə tətbiq olunacaq.”

Qanun layihəsi əsasən gənclərin könüllü əsasda hərbi xidmət keçməsini nəzərdə tutur. Lakin koalisiya tərəfdaşları SPD və CDU/CSU arasında bu prosesin necə həyata keçirilməsi barədə fikir ayrılığı qalmaqdadır: CDU/CSU kifayət qədər könüllü tapılmadığı təqdirdə püşkatma üsulu ilə çağırış tətbiq edilməsini təklif edir, SPD isə bu yanaşmaya qarşıdır.

Bundestaqdakı müzakirələrdə həm hökumət, həm də müxalifət nümayəndələri açıq və məsuliyyətli debatın vacibliyini vurğulayıblar. Koalisiya umumiyyətlə Bundesverin say tərkibinin artırılmasını və Almaniyanın müdafiə potensialının gücləndirilməsini hədəf götürdüyünü bildirib. Kansler Fridrix Merts isə məqsədin Bundesveri Avropa İttifaqının ən güclü konvensional ordularından birinə çevirmək olduğunu bəyan edib.

Xəbər lenti

Xəbər lenti