Bakı. Trend:
Merilend ştatının böyük münsiflər heyəti ABŞ-nin keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonu məxfi məlumatların səhv idarə edilməsində ittiham edib.
Trend xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bolton gizli məlumatları həyat yoldaşı və qızı ilə e-poçt yazışmalarında paylaşmış ola bilər. “The New York Post” isə iddia edir ki, o, Ağ Evi tərk etdikdən sonra xarici siyasətə dair materialları bilərəkdən üçüncü şəxslərə ötürüb.
ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında məsələ barədə indicə xəbər tutduğunu deyib və Boltonu “pis adam” adlandırıb.
Sentyabrın 24-də Politico yazıb ki, Federal Təhqiqatlar Bürosu (FTB) Boltonun evində apardığı axtarış zamanı məxfi sənədlər tapıb. Bu sənədlər kütləvi qırğın silahları, ABŞ-nin BMT-dəki missiyası və strateji kommunikasiyalarla bağlı olub. Bəzilərində “gizli” və ya “məxfi” işarələri mövcuddur.
Ədliyyə Departamentinin açıqlamasına əsasən, Bolton məxfi məlumatları üçüncü şəxslərə ötürməkdə səkkiz, bu cür sənədləri qanunsuz saxlamaqda isə on faktda şübhəli bilinir. Təqsirli bilinərsə, hər bir cinayət üzrə 10 ilədək həbs cəzası nəzərdə tutulur.
Boltonun evində və ofisində avqustun 22-də aparılan axtarışlar zamanı kompüterlər və elektron cihazlar da müsadirə edilib.