Bakı. Trend:
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda hava nəqliyyatı vasitəsilə ümumilikdə 5,265 milyard ABŞ dolları dəyərində 11,8 min ton çəkidə beynəlxalq yükdaşıma əməliyyatları həyata keçirilib.
Trend bu barədə Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Komitənin hesablamalarına görə, bu göstərici dəyər baxımından 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,9 milyard ABŞ dolları və ya 56,7 faiz çoxdur, çəki baxımından isə 62,5 min ton və ya 84,1 faiz azdır.
Hesabat dövründə Azərbaycandan hava nəqliyyatı ilə ümumi dəyəri 290,9 milyon ABŞ dolları, çəkisi isə 1,8 min ton olan yüklər ixrac edilib. Bu, ötən illə müqayisədə dəyər ifadəsində 55,9 milyon ABŞ dolları və ya 23,8 faiz çox, çəki baxımından isə 62,3 min ton və ya 97,2 faiz azdır.
Eyni zamanda, cari ilin ilk doqquz ayında hava nəqliyyatı vasitəsilə Azərbaycana ümumi dəyəri təxminən 5 milyard ABŞ dolları, çəkisi isə 10 min ton olan yüklər idxal edilib. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 1,9 milyard ABŞ dolları və ya 59,3 faiz çox, çəki baxımından isə 218 ton və ya 2 faiz azdır.