Bakı. Trend:
ABŞ Xüsusi Təyinatlı Qüvvələri bu yaxınlarda Venesuela sahillərində qoşun-nəqliyyat və hücum helikopterlərindən istifadə edərək təlimlər keçirib.
Trend xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb.
Qəzetə danışan ABŞ rəsmisinin bildirdiyinə görə, təlimlər oktyabrın əvvəlində Karib dənizində, Venesuela sahillərindən 145 km-dən az məsafədə baş tutub. Təlimlərdə MH-60 Black Hawk hücum və nəqliyyat vertolyotları və MH-6 Little Bird hücum helikopterləri istifadə olunub – hər iki tip helikopter ABŞ xüsusi təyinatlıları tərəfindən əməliyyatlarda istifadə olunur.
Rəsmi həmçinin qeyd edib ki, bu təlimlər Latın Amerikasında şübhəli narkotik tədarükçüləri ilə mübarizəyə hazırlıq rolunu oynaya bilər, lakin Venesuelaya quru işğalına hazırlıq əlaməti kimi qiymətləndirilməməlidir.
Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp oktyabrın 15-də açıq şəkildə etiraf edib ki, o, Mərkəzi Kəşfiyyat İdarəsinə Venesuelada məxfi əməliyyatlar keçirmək səlahiyyəti verib.