Bakı. Trend:
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi olaraq amputant futbolunun inkişaf etdirilməsi, minadan zərərçəkənlərə dəstəyin göstərilməsi, habelə kütləvi idman tədbirləri vasitəsilə mina təhlükəsinə dair maarifləndirmə işlərinin aparılması sahəsində artıq bir neçə ildir ki, AFFA və Avropa Amputant Futbol Federasiyası ilə əməkdaşlıq edirik.
Trend xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Amputant futbolu üzrə Millətlər Liqasının açılış mərasimində çıxışı zamanı səsləndirib.
O bildirib ki, Azərbaycanın amputant futbolu üzrə milli komandası ötən illər ərzində bir sıra uğurlara imza atıb, Avropanın ən güclü 10 komandası sırasında yer alıb:
“Məlumat üçün bildirim ki, Azərbaycan Amputant milli komandası üzvlərinin 18 nəfəri vətənin müdafiəsi zamanı baş vermiş mina partlayışları və digər səbəblərdən aldıqları müxtəlif xəsarətlər nəticəsində əlil olmuş Azərbaycanın dəyərli vətəndaşlarıdır”.