...

Orta Dəhliz Azərbaycanda ÜDM artımına təkan verəcək - Fitch (ÖZƏL)

İqtisadiyyat Materials 17 Oktyabr 2025 09:51 (UTC +04:00)
Orta Dəhliz Azərbaycanda ÜDM artımına təkan verəcək - Fitch (ÖZƏL)
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

“Fitch” beynəlxalq reytinq agentliyi 2026-cı ildə Azərbaycanın real ÜDM-nin 2,5 faiz artacağını və bunun başlıca olaraq iqtisadiyyatın qeyri-xammal sahələrinin inkişafı və irimiqyaslı dövlət investisiyaları sayəsində baş verəcəyini gözləyir.

Bunu Trend-ə “Fitch”in “Sovereigns and Supranationals” bölməsinin direktoru Arvind Ramakrişnan bildirib.

Onun sözlərinə görə, Fitch 2026-cı ildə real ÜDM artımını 2,5 faiz səviyyəsində proqnozlaşdırır ki, bu da Azərbaycanın orta müddətli iqtisadi artım potensialına yaxındır. Artım əsasən qeyri-neft sektorunun inkişafı və dövlət investisiyaları hesabına olacaq. Neft hasilatının azalma tendensiyası davam etsə də, təbii qaz istehsalı iqtisadiyyata dəstək göstərəcək.

“İnformasiya-kommunikasiya texnologiyaları və nəqliyyat sektorlarında artım üçün yaxşı perspektivlər mövcuddur. Nəqliyyat sahəsində əsas dəstək amilləri isə genişmiqyaslı dövlət investisiyaları və Orta Dəhliz çərçivəsində həyata keçirilən tranzit əməliyyatlarıdır. Son illərdə qeyri-neft sektorunun inkişafı həmçinin Qarabağda aparılan bərpa işləri hesabına ciddi təkan alıb. Lakin əsaslı xərclər pik həddinə çatdıqca, onların artıma təsiri tədricən azalacaq,”- deyə A. Ramakrişnan vurğulayıb.

O əlavə edib ki, “Fitch” 2026-cı ildə Azərbaycanın konsolidə edilmiş büdcəsində ÜDM-in 0,3 faizi həcmində profisitin (2024-cü ildə – 3,6%) olacağını, 2027-ci ildə isə profisitin cüzi kəsirə dəyişəcəyini gözləyir.

“Azərbaycan “BBB-” səviyyəli investisiya reytinqini sabit proqnozla qoruyub saxlayır ki, bu da suverenin davamlı xarici balansı və dövlət borcunun aşağı səviyyəsi ilə təmin olunur. Bundan əlavə, Azərbaycanın dövlət maliyyəsi Dövlət Neft Fondunun (SOFAZ) və dövlət depozitlərinin əhəmiyyətli aktivləri sayəsində maliyyələşdirmə sahəsində yüksək çeviklik və ödəmə qabiliyyəti ilə dəstəklənir,” – deyə A.Ramakrişnan vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin avqust ayında təqdim olunan proqnozlara əsasən 2026-cı ilin sonuna ÜDM-in həcmi 134,1 milyard manat, o cümlədən qeyri-neft qaz ÜDM-in həcmi 101,7 milyard manat təşkil edəcəyi, 2029-cu ildə isə ÜDM-in 161,8 milyard manata qədər, o cümlədən qeyri-neft-qaz ÜDM-in həcmi 129,5 milyard manata qədər artacağı gözlənilir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar–avqust aylarında Azərbaycanda 83 milyard 37,8 milyon manat həcmində ÜDM istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti