Bakı. Trend:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə oktyabrın 17-də Suqovuşan kəndində, azad olunmuş ərazilərdə tibbi aksiya keçiriləcək.
Trend xəbər verir ki, aksiyanın əsas məqsədi azad olunmuş torpaqlarda yaşayan və tibbi xidmətlərə çıxış imkanları məhdud olan əhalinin göz sağlamlığının qorunmasıdır.
Tədbir çərçivəsində oftalmoloji müayinələr aparılacaq, görmə problemlərinin vaxtında aşkarlanması və mümkün hallarda ilkin müalicəsi təmin ediləcək. Müayinələr zamanı ağır xəstəlik halları aşkarlanarsa, həmin şəxslər Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə yönləndiriləcək.
Müasir diaqnostik və cərrahi avadanlıqlarla təchiz olunmuş Avtomobil Səyyar Klinikası 2005-ci ildən fəaliyyət göstərir. Onun əsas məqsədi əhalinin yaşadığı bölgələrdə keyfiyyətli tibbi xidmətlərdən faydalanmasına şərait yaratmaqdır.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi illərdir ölkənin müxtəlif regionlarında humanitar tibbi aksiyalar həyata keçirir və bu tədbirlərin sayı ildən-ilə artır. Mərkəzin bütün filialları ən müasir texnologiyalarla təmin olunub, burada təcrübəli və beynəlxalq təlimlər keçmiş həkim-oftalmoloqlar fəaliyyət göstərir.
Bundan əlavə, səyyar xidmətlərin daha da genişləndirilməsi məqsədilə 2018-ci ildən Dəmiryolu Səyyar Klinikası da əhaliyə xidmət göstərir.