Bakı. Trend:
Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana səfəri ilə bağlı “X” sosial şəbəkə hesabında paylaşım edib.
Trend xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Birinci vitse-prezident Mehriban Əliyevanın səmərəli görüşlərinin, o cümlədən Roma Papası XIV Leo ilə görüşünün Azərbaycanın dinlərarası anlaşma və mədəniyyətlərarası dialoqa sadiqliyini nümayiş etdirdiyini bildirib.
"Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana səfəri, onun intensiv və səmərəli görüşləri, xüsusilə də Papa XIV Leo ilə görüşü, ölkəmizin katolik xristian irsinin bərpasına verdiyi dəstək və bu sahədə uzunmüddətli əməkdaşlığı, Azərbaycanın dinlər, mədəniyyətlər və sivilizasiyalar arasında qarşılıqlı anlaşma və dialoqa sadiqliyini aydın şəkildə nümayiş etdirir. Bu səfər həm də Azərbaycanın mədəni və humanitar diplomatiyasının parlaq nümunəsidir", - paylaşımda qeyd olunub.
O vurğulayıb ki, müsəlman əhalinin çoxluq təşkil etdiyi, eyni zamanda zəngin İslam ənənələrinə malik dünyəvi dövlət olan Azərbaycan - əsrlər boyu müsəlmanlar, xristianlar, yəhudilər və digər dinlərin nümayəndələrinin sülh şəraitində birgəyaşayışına şahidlik etmiş ölkə - bu gün də inklüzivlik, dözümlülük və multikultural harmoniyanın parlaq nümunəsi kimi çıxış edir.
“Qadınların cəmiyyətdə rolunun gücləndirilməsi və bərabər imkanların təmin olunması sahəsində qazandığı uğurlarla qürur duyan Azərbaycan, bütün Cənubi Qafqaz regionunu sülh və sabitlik məkanına çevirməklə, sülh, dialoq və əməkdaşlığa yönəlmiş müsbət qlobal gündəliyini irəlilətməkdə davam edir”, - H. Hacıyev əlavə edib.