Bakı. Trend:
Qanunsuz dövriyyədən çıxarılmış 6 ton 696 kq 035,353 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 170 milyon 290 min AZN kimi qiymətləndirilir.
Trend xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məlumatında qeyd edilib.
Bildirilib ki, hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1201 hektar sahədən yaş kütləsi 304 ton 579 kq olan 2 599 973 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4253 nəfər cəlb edilib, onlardan 4127 kişi, 126 qadın olub.
Məsuliyyətə cəlb edilmiş 79 xarici ölkə vətəndaşından ümumilikdə 936 kq 421,475 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə və 271,772 qr çətənə bitkisi götürülüb.
Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 193 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 768 kq 922,273 qr və 7527 həb metadon narkotik vasitə və psixotrop maddə, 13194 ədəd həb və 5,7 qr güclü təsir edən maddə çıxarılıb.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 219 qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 965 kq 337,674 qr nakotik vasitə, psixotrop maddə maddə və 33 qr güclü təsir edən maddə müsadirə edilib.
2061 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 641 kq 588,011 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.