Bakı. Trend:
Hakimlərin xidməti vəsiqəsinin nümunəsi Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq ediləcək və Məhkəmə-Hüquq Şurasının sədri tərəfindən təqdim ediləcək.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, hakimə nümunəsi Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq edilən xidməti vəsiqə veriləcək. Xidməti vəsiqə Məhkəmə-Hüquq Şurasının sədri tərəfindən təqdim ediləcək. Hakimin xidməti vəsiqəsi onun statusunu və vəzifəsini təsdiq edən sənəd hesab ediləcək.
Hakim səlahiyyət müddəti ərzində xidməti vəsiqədən istifadə edəcək. Hakimin soyadı, adı, atasının adı, vəzifəsi dəyişdikdə və ya xidməti vəsiqənin etibarlılıq müddəti qurtardıqda, habelə xidməti vəsiqə itirildikdə və ya yararsız hala düşdükdə ona yeni xidməti vəsiqə veriləcək.
Hakimin səlahiyyətlərinə xitam verildikdə xidməti vəsiqə Məhkəmə-Hüquq Şurasına qaytarılacaq.
Mövcud qanunvericiliyə əsasən, hakimlərə onların statusunu təsdiq edən xidməti vəsiqələr verilir. Hakimlər onların statusunu təsdiq edən xidməti vəsiqəyə malikdirlər. Xidməti vəsiqələrinin nümunələri Milli Məclis tərəfindən müəyyən edilir.
“Məhkəmə-Hüquq Şurası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən, Məhkəmə-Hüquq Şurası hakimin xidməti vəsiqəsinin nümunəsini təsdiq edəcək.
Qanun layihəsində “Hakimlərin xidməti vəsiqəsi haqqında” Qanun və həmin qanunla təsdiq edilən eyniadlı Əsasnamənin ləğv edilməsi təklif olunur.
Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bildirilib ki, daha əvvəl eyni yanaşma prokurorluq işçilərinin xidməti vəsiqələrinə münasibətdə də tətbiq olunub. Belə ki, “Prokurorluq İşçilərinin xidməti vəsiqəsi haqqında” Qanun və həmin qanunla təsdiq edilən eyniadlı Əsasnamə ləğv edilib, prokurorluq işçilərinin xidməti vəsiqəsinin nümunəsinin Baş prokuror tərəfindən təsdiq edilməsi müəyyən olunub.