Bakı. Trend:
Perunun paytaxtı Limada Konqres binası qarşısında keçirilən kütləvi etiraz aksiyası zamanı bir nümayişçi güllə yarasından həyatını itirib.
Trend “Reuters”ə istinadən xəbər verir ki, insident nümayişçilərin polis əməkdaşlarına atəşfəşanlıq, daş və yanan əşyalar ataraq hücum etməsindən sonra baş verib.
Məlumata görə, 89 asayiş keşikçisi yaralanıb. Hadisə zamanı Luis Maqalyanes adlı polis əməkdaşı təsadüfən atəş açaraq 32 yaşlı yerli sakinin ölümünə səbəb olub. Peru İnsan Hüquqları üzrə Ombudsman Aparatı hadisənin hərtərəfli araşdırılacağını bildirib. Güllə atan zabit vəzifəsindən uzaqlaşdırılıb və müalicə üçün xəstəxanaya yerləşdirilib.
Perunun yeni prezidenti Xose Xeri sosial şəbəkələrdə mərhumun ölümünə təəssüf etdiyini, lakin baş verən zorakılığın xaos yaratmaq istəyən təxribatçıların əməlləri ilə bağlı olduğunu bəyan edib.
Qeyd edək ki, ölkə üzrə minlərlə insanın qatıldığı etirazlar birbaşa prezident Xose Xeriyə qarşı yönəlib. O, Dina Boluartenin impiçmentindən sonra, oktyabrın 9-dan 10-na keçən gecə hakimiyyətə gəlib.
Xose Xeri 2026-cı ilin iyuluna qədər prezident vəzifəsini icra edəcək və həmin dövrdə Peruda yeni prezident seçkiləri keçiriləcək.