Bakı. Trend:
Gürcüstanda tam ali təhsilin müddəti, bəzi ixtisaslar istisna olmaqla, 6 ildən 4 ilə endiriləcək.
Trend xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze təhsil sahəsində planlaşdırılan islahatların təqdimatı zamanı məlumat verib.
Onun sözlərinə görə, hazırkı ali təhsil sistemi müasir tələblərə cavab vermir və bu səbəbdən təhsil islahatları ilə ölkə tələbələrinin inkişaf etmiş dövlətlərdəki kimi keyfiyyətli təhsil alması məqsəd qoyulub.
Baş nazir bildirib ki, yeni modelə əsasən, üç il bakalavr, bir il isə magistratura pilləsi üçün nəzərdə tutulacaq. Tibb və oxşar ixtisaslar isə bu dəyişiklikdən istisna olunacaq.
İ.Kobaxidze həmçinin qeyd edib ki, islahatlar çərçivəsində təhsilin coğrafi təmərküzləşməsinin azaldılması planlaşdırılır. Hazırda tələbələrin 85 faizindən çoxu paytaxt Tbilisidə təhsil alır.
Bundan başqa, bəzi orta məktəblərdə 11 illik təhsil sisteminə keçid də nəzərdən keçirilir.
Hazırda Gürcüstanda bakalavr təhsili 4 il, magistratura isə 2 il, tam orta təhsil isə 12 il davam edir.