Bakı. Trend:
Dəyişikliklərin əsas məqsədi son illərdə sürətlə artan mopedlər, asma mühərrikli velosipedlər və kiçik elektrik nəqliyyat vasitələrinin hüquqi statusunu müəyyənləşdirmək, onların qeydiyyatı və idarə olunması qaydalarını qanunvericilik səviyyəsində tənzimləməkdir.
Trend xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəyli parlamentin bugünkü plenar iclasında “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanununun layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, uzun müddət bu nəqliyyat vasitələri ilə bağlı hüquqi çərçivələr qanunvericilikdə dəqiq müəyyən edilmədiyinə görə nə tam şəkildə mexaniki nəqliyyat vasitəsi, nə də velosiped kimi qəbul olunurdu:
“Bu isə həm onların dövlət qeydiyyatı, həm də yol hərəkətində iştirak qaydalarında müəyyən boşluqlar yaradırdı. Təklif olunan dəyişikliklər həmin boşluqları aradan qaldırır, moped və oxşar vasitələrin yol hərəkətində iştirakı üçün hüquqi əsas formalaşdırır”.
Deputat bildirib ki, bu dəyişikliklər yol hərəkəti təhlükəsizliyinin artırılmasına xidmət edir:
“Son illərdə xüsusilə paytaxtda və böyük şəhərlərdə moped və elektrik skuterlərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin artması müşahidə olunur. Yeni tənzimləmələr bu vasitələrin idarə olunması üçün yaş həddi, sürücülük vəsiqəsi tələbi, texniki baxış və qeydiyyat mexanizmlərinin müəyyən edilməsini nəzərdə tutur. Bu həm sürücülər, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etməyə yönəlib”.
Deputatın sözlərinə görə, digər mühüm məqam ondan ibarətdir ki, bu dəyişikliklər konkret istiqamətin beynəlxalq təcrübəyə uyğunlaşmasına xidmət edir:
“Avropa dövlətlərinin əksəriyyətində mopedlər və azgüclü mühərrikli nəqliyyat vasitələri ayrıca kateqoriya kimi qanunvericilikdə yer alır. Azərbaycan da bu istiqamətdə addım ataraq nəqliyyat idarəçiliyinin və hüquqi tənzimləmələrin beynəlxalq standartlara uyğunlaşdırılmasını təmin edir.
Dəyişikliklərin əhəmiyyəti həm də ondan ibarətdir ki, onlar ekoloji baxımdan təmiz və enerji baxımından səmərəli nəqliyyat vasitələrinin istifadəsini təşviq edir. Beləliklə, layihə təkcə inzibati tənzimləmə məqsədi daşımır, həm də dövlətimizin “yaşıl enerji” strategiyasına xidmət edir.
Dəyişikliklər bütövlükdə “Yol hərəkəti haqqında” Qanunun müasir dövrün reallıqlarına uyğunlaşdırılması, yol hərəkətinin təhlükəsizliyi və idarəetmənin keyfiyyətinin yüksəldilməsinin təmin olunmasına xidmət edir. Bu isə öz növbəsində həm vətəndaşların məsuliyyətli davranışını stimullaşdıracaq, həm də ictimai təhlükəsizliyin səviyyəsini artıracaq.
İnanıram ki, bu layihənin qəbul edilməsi ölkəmizdə nəqliyyat mədəniyyəti, qanunçuluq və təhlükəsizliyin yeni bir mərhələyə keçidinə töhfə verəcək”, - deyə E.Mirzəbəyli qeyd edib.