...

Çexiya 112 milyon avroluq müqavilə imzalayıb

Dünya xəbərləri Materials 17 Oktyabr 2025 03:06 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çexiya Müdafiə Nazirliyi iki MILSATCOM hərbi peyk şəbəkəsinin idarəetmə stansiyalarının alınması ilə bağlı böyük müqavilənin imzalandığını elan edib.

Trend xəbər verir ki, sövdələşmənin dəyəri 2,82 milyard Çexiya kronu (təxminən 112 milyon avro) təşkil edir.

Bu məbləğ yalnız avadanlığın tədarükünü deyil, həm də 11 il ərzində texniki xidmət, maddi-texniki dəstək və kadr hazırlığını əhatə edir. Yeni stansiyalar ABŞ Müdafiə Əməkdaşlığı Agentliyi (DSCA) vasitəsilə alınacaq. Komplekslər LET (Large Enterprise Terminals) stasionar baza stansiyaları əsasında qurulub və avadanlığın çatdırılması 2027-ci ilə planlaşdırılır.

Nazirlik vurğulayıb ki, MILSATCOM-un tətbiqi Çexiyanın müdafiə qabiliyyətinin gücləndirilməsi və NATO-nun kommunikasiya infrastrukturuna inteqrasiyası istiqamətində səylərin mühüm hissəsidir. Yeni sistem ordunu xarici müdaxilələrə və kiberhücumlara davamlı, etibarlı və təhlükəsiz məlumat mübadiləsi kanalları ilə təmin edəcək.

Müdafiə Nazirliyinin nümayəndələrinin sözlərinə görə, müasir peyk texnologiyaları Çexiya hərbçilərinə real vaxt rejimində əməliyyatları əlaqələndirməyə və döyüş meydanında baş verənlərin hərtərəfli mənzərəsini əldə etməyə imkan verəcək. Bu isə qoşunların idarə edilməsini və müttəfiqlərlə qarşılıqlı əlaqələrin səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq.

Xəbər lenti

Xəbər lenti