Bakı. Trend:
Bakının ev sahibliyi etdiyi amputant futbolu üzrə Millətlər Liqasının “C” qrupu oyunlarının açılış mərasimi keçirilib.
Trend xəbər verir ki, tədbir “ASCO Arenada” təşkil olunub.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Amputant futbolu üzrə Millətlər Liqasının açılış mərasimində çıxışı zamanı bildirib ki, ANAMA amputant futbolunun inkişaf etdirilməsi, minadan zərərçəkənlərə dəstəyin göstərilməsi, habelə kütləvi idman tədbirləri vasitəsilə mina təhlükəsinə dair maarifləndirmə işlərinin aparılması sahəsində artıq bir neçə ildir ki, AFFA və Avropa Amputant Futbol Federasiyası ilə əməkdaşlıq edir.
O qeyd edib ki, Azərbaycanın amputant futbolu üzrə milli komandası ötən illər ərzində bir sıra uğurlara imza atıb, Avropanın ən güclü 10 komandası sırasında yer alıb:
“Azərbaycan Amputant milli komandası üzvlərinin 18 nəfəri vətənin müdafiəsi zamanı baş vermiş mina partlayışları və digər səbəblərdən aldıqları müxtəlif xəsarətlər nəticəsində əlil olmuş Azərbaycanın dəyərli vətəndaşlarıdır”.
Vüqar Süleymanov vurğulayıb ki, davamlı şəkildə aparılan təmizləmə və maarifləndirmə tədbirlərinə baxmayaraq Vətən müharibəsindən bu günədək 409 nəfər vətəndaşımız baş vermiş mina insidentləri nəticəsində həlak olub, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Dünya Amputant Futbol Federasiyasının (AAFF) prezidenti Mateusz Vidlak çıxışında Bakıda olmaqdan məmmnunluğunu ifadə edib:
"Avropa Amputant Futbol Federasiyası və bütün amputant futbol ailəmiz adından, Bakıda – böyük qonaqpərvərliyi və gözəl insanları ilə tanınan Azərbaycanda olmaqdan çox məmnunam. Bu turnir yalnız beş güclü komanda və əla ev sahibi ilə bağlı deyil. Bu, daha böyük bir hərəkatın – sürətlə böyüyən bir prosesin bir hissəsidir".
O qeyd edib ki, EAFF Millətlər Liqası dörd ölkədə keçirilir və 18 milli komanda iştirak edir:
“Türkiyə və İspaniyadan sonra indi buradayıq – Azərbaycanda, və tezliklə Rumıniyaya yollanacağıq. Amputant futbol sürətlə inkişaf edir və bu yolun bir hissəsi olmaq həqiqətən möhtəşəmdir”.
Qeyd edək ki, turnirin Azərbaycanda keçirilməsi ölkəmizdə mina probleminin dünyaya çatdırılması, minadan zərərçəkənlərin beynəlxalq idman platformalarında bir araya gəlməsi baxımından əhəmiyyətlidir.