Bakı. Trend:
Tbilisidə Azərbaycanın ictimai-siyasi və dövlət xadimi Həsən Həsənovun 85 illik yubileyi münasibətilə onun ideya müəllifi olduğu, əslən gürcüstanlı soydaşımız, görkəmli hərbçi Vəli bəy Yadigarovun həyat və fəaliyyətinə həsr edilən “Polkovnik” sənədli filminin təqdimatı keçirilib.
Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, tədbir Azərbaycanın Gürcüstandakı Səfirliyinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin və SOCAR-ın Gürcüstan nümayəndəliyinin dəstəyi ilə baş tutub.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev “Polkovnik” filminin təkcə bir qəhrəmanın həyatına deyil, həmçinin Azərbaycan və Gürcüstan xalqlarını birləşdirən tarixi və mənəvi bağlara işıq saldığını deyib. Orada doğulub yaşayan soydaşlarımızın qəlblərinin hər zaman Azərbaycanla döyündüyünü, onların mənəvi bağlarının, Vətənə olan sevgilərinin daim güclü olduğunu bildirib.
Filmin ideya müəllifi Həsən Həsənov “Polkovnik”in ərsəyə gəlməsinin Azərbaycan tarixində iz qoyan şəxsiyyətlərin xatirəsini yaşatmaq, gənc nəslə vətənpərvərlik ruhunu aşılamaq məqsədi daşıdığını deyib.
Sonra filmin rejissoru Tahir Əliyev səhnə əsərinin tarixçəsi, araşdırmaçı jurnalist Mirzə Maşov isə Yadigarovlar ailəsi və Yadigarovun həyatı barədə məlumat veriblər.
Məlumat üçün qeyd edək ki, çəkilişlər Azərbaycan, Gürcüstan və Polşada aparılıb.