Bakı. Trend:
Amerikalı siyasətçi Con Boltona qarşı məxfi məlumatları açıqlama ittihamı irəli sürülüb
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
İttiham aktına əsasən, Bolton yaxın çevrəsinə yüksək vəzifəli rəsmilərlə görüşlər, xarici liderlərlə müzakirələr və kəşfiyyat brifinqlərinə dair materialları ötürüb.
Onun vəkili sabiq müşavirin heç bir məlumatı qanunsuz şəkildə ötürmədiyini bildirib.
Qeyd edək ki, Con Bolton 2018–2019-cu illərdə ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsində çalışıb. Bu müddətdə ABŞ Prezidenti Donald Tramp administrasiyasının xarici siyasətində — xüsusilə İran, Şimali Koreya və Venesuela ilə bağlı sərt mövqeyi ilə tanınıb.
Daha sonra “The Room Where It Happened” (“Hadisələrin baş verdiyi otaq”) adlı kitabında Ağ Evdəki daxili proseslər barədə qalmaqallı məlumatlar açıqladı.
İndi ona qarşı irəli sürülən ittiham da məhz bu kitabda dövlət sirri hesab olunan məlumatları açıqlaması ilə bağlıdır.