Bakı.Trend:
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan sabiq diplomat Ramiz Vəliyevin cinayət işi üzrə məhkəmənin sonuncu iclası keçirilib.
Trend xəbər verir ki, bu gün Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə sabiq diplomata hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Ramiz Vəliyev 5 il müddətə azadlıqdan məhrum edilib. Əlavə cəza olaraq o, 2 il müddətinə müəyyən vəzifə tutma hüququndan da məhrum olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Misir Ərəb
Respublikasındakı səfirliyində müşavir olmuş sabiq diplomat Ramiz
Vəliyev DTX-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində 8 dekabr
2024-cü ildə saxlanılıb.
Ona AR Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən
sui-istifadə) maddəsi ilə ittiham irəli sürülüb.
R.Vəliyev xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, o cümlədən dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqda təqsirli bilinib.