Bakı. Trend:
Türk Dövlətləri Təşkilatı ölkələrinin diaspor qurumlarının rəsmiləri üçün II “INTERNSHIP” (təcrübə) proqramının iştirakçıları Şuşa və Xankəndiyə səfər ediblər.
Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat yayıb.
Bildirilir ki, qonaqlar əvvəlcə Şuşada olub, Cıdır düzü, Güllələnmiş heykəllər, Şuşa qalası, Gəncə qapısı, İsa bulağı və Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər. Onlara şəhərin tarixi və Şuşada Azərbaycanın mədəni irsinə qarşı erməni vandalizmi haqqında məlumat verilib. Təcrübə proqramının iştirakçıları şəhərdə aparılan sürətli bərpa və yenidənqurma işlərini yüksək qiymətləndiriblər.
Xankəndidə Qarabağ Universitetində görüş zamanı universitetin elmi-tədqiqat istiqamətləri və beynəlxalq əməkdaşlıq imkanları barədə geniş fikir mübadiləsi aparılıb. Daha sonra Zəfər meydanını ziyarət edən qonaqlara şəhərin tarixindən, mövcud vəziyyətindən, sosial və mədəni həyatından danışılıb. Xankəndinin strateji əhəmiyyəti, həyata keçirilən bərpa işləri və gələcək inkişaf perspektivləri diqqətə çatdırılıb.
Xatırladaq ki, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin diaspor qurumlarının rəsmiləri II “INTERNSHIP” (təcrübə) proqramının iştirakıçıları Qazaxıstan Respublikasının “Otandastar” Fondunun vitse-prezidenti Alibek Jurkadam, Özbəkistan Respublikasının Millətlərarası Münasibətlər və Xaricdəki Soydaşlar məsələləri Komitəsinin nümayəndəsi Sardor Maxamadiyev, Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyinin Birinci katibi Dilşad Şenol, Türkiyə Respublikasının Xaricdə yaşayan Türklər və Əqraba İcmaları İdarəsinin nümayəndəsi Ömer Seyithanoğlu və Macarıstanın Xaricdəki Macar İcmalarının Tədqiqat İnstitutunun tədqiqatçısı Daniel Gazsodur.