Bakı. Trend:
Daxili İşlər Nazirliyinin Polis Akademiyasına 2024/2025-ci tədris ilində qəbul üçün 2250 nəfər müraciət etdiyi halda, bu tədris ilində həmin rəqəm 2938 nəfərə yüksəlib.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onlardan 550 nəfər hüquqşünaslıq, 25 nəfər isə informasiya təhlükəsizliyi ixtisası üzrə qəbul olunub:
"Ən yüksək bal hüquqşünaslıq ixtisasında 675,3, informasiya təhlükəsizliyi ixtisasında isə 675,7 olub. Minimum keçid balları da ötən illərlə müqayisədə yüksələrək, müvafiq olaraq 462,4 və 568 bal təşkil edib. Ümumilikdə 72 nəfər 600 baldan çox nəticə göstərib.
Məlum olduğu kimi, Polis Akademiyasına qəbul yalnız test imtahanı ilə məhdudlaşmır. Namizədlər əvvəlcə fiziki hazırlıq sınaqları, psixoloji və bilik testləri, daha sonra isə Seçmə Komissiyadan keçirlər. Bu sistem yalnız bilikli deyil, həm də güclü, dözümlü və sağlam düşüncəli gənclərin seçilməsinə imkan yaradır. Şəffaf imtahan prosesi sosial mənşəyindən asılı olmayaraq, hər bir istedadlı gəncə bərabər imkanlar təqdim edir.
Gənclər arasında daxili işlər orqanlarında xidmətə və təhsilə marağın artırılması məqsədilə təşviqat kampaniyaları davam etdirilir. Şagirdlərlə keçirilən maarifləndirici görüşlərdə hüquq-mühafizə sistemində xidmətin əhəmiyyəti, vətənpərvərlik dəyərləri, qəbul şərtləri, imtahan mərhələləri və tədris prosesi barədə ətraflı məlumat verilir.
Qeyd edək ki, kursantların sayının artması Akademiyanın maddi-texniki bazasının da genişləndirilməsini zəruri edib. Akademiyada təhsil korpusları, yataqxanalar, tədris laboratoriyaları tikilib, geyim və qidalanma təminatı yenilənib, infrastruktur tam şəkildə müasirləşdirilərək gənclərin hərtərəfli hazırlığı üçün əlverişli şərait yaradılıb".