Daşkənd. Trend:
Özbəkistan Respublikasının İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyinin müavini Xurram Teşabaev Azərbaycanın “NB Holding” şirkətinin İdarə Heyətinin müavini Vüqar Alipaşayev ilə görüşüb.
Trend bu barədə Özbəkistan Respublikasının İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyinə istinadən xəbər verir.
Görüşdə Özbəkistanda konservləşdirilmiş məhsullarının istehsalının təşkili layihəsinin həyata keçirilməsi müzakirə olunub. Xüsusi diqqət zavodun tikintisi üçün torpaq sahələrinin seçiminə, layihələndirməyə, zəruri infrastruktur təminatına və dövlət dəstəkli tədbirlərə ayrılıb.
Görüşün yekunlarına əsasən, hər iki tərəf əldə olunmuş razılaşmaların operativ və keyfiyyətli şəkildə icrasına hazır olduqlarını təsdiqləyib və yeni sənaye əməkdaşlığı istiqamətlərini inkişaf etdirmək niyyətində olduqlarını ifadə ediblər.
Qeyd edək ki, cari ilin yanvar-may ayları ərzində Azərbaycan və Özbəkistan arasındakı ticarət dövriyyəsi 214,8 milyon dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövründəki 69 milyon dollarla müqayisədə üç dəfə çoxdur.