...

bp seysmik texnologiyalardakı yenilikləri bölüşüb

Energetika Materials 16 Oktyabr 2025 09:34 (UTC +04:00)

bp, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və SOCAR ilə əməkdaşlıqda 29–30 sentyabr tarixlərində yüksək performanslı hesablama (HPC), hövzənin tədqiqi innovasiyaları, seysmik emal və məlumatların toplanması sahəsində irəliləyişlərə həsr olunmuş iki günlük texniki seminar keçirib.

Seminar bp, İqtisadiyyat Nazirliyi, SOCAR və Xəzər İnnovasiya Mərkəzinin mütəxəssislərini bir araya gətirərək bilik və təcrübə mübadiləsi aparmaq, gələcək əməkdaşlıq imkanlarını araşdırmaq məqsədi daşıyıb.

Seminarda aşağıdakı əsas mövzular müzakirə olunub:

  • Azərbaycanın HPC sahəsində imkanları: İqtisadiyyat Nazirliyinin nümayəndələri ölkədə yeni yaradılmış superkompüter imkanını təqdim edərək, onun enerji sektorunda innovasiyaların sürətləndirilməsinə töhfə verə biləcək potensialını vurğulayıblar. Belə bir imkanın yaradılması Azərbaycanın öz rəqəmsal transformasiyasını dəstəkləmək üçün güclü HPC infrastrukturu qurmaq öhdəliyini əks etdirir.
  • bp-nin qlobal HPC təcrübəsi: bp mütəxəssisləri şirkətin Hyustonda yerləşən HPC mərkəzinin fəaliyyəti barədə məlumat veriblər. Bu mərkəz bp-nin texniki innovasiyalarını irəli aparmaqla yanaşı, lay simulyasiyası, rəqəmsal süxurlar, data elmi, seysmik görüntüləmə və hövzə modelləşdirilməsi sahələrində imkanlarını genişləndirir.
  • Azərbaycanda seysmik məlumatların toplanması və emalı: SOCAR nümayəndələri seysmik məlumatların toplanması və emalı sahəsində gələcək planları təqdim edərək bu texnologiyaların region üçün strateji əhəmiyyətini vurğulayıblar.
  • Əməkdaşlıq layihələri: bp texniki imkanların artırılması və innovasiyaların sürətləndirilməsi məqsədilə həyata keçirilən mövcud və planlaşdırılan əməkdaşlıq təşəbbüslərini təqdim edib.
  • Seysmik texnologiyalarda süni intellektin tətbiqi: Xəzər İnnovasiya Mərkəzi SOCAR-ın seysmik süni intellekt tətbiqləri sahəsində son nailiyyətlərini göstərərək süni intellektin lay görüntüləməsinə yeniliklər gətirdiyini və qərarların verilməsini sürətləndirdiyini nümayiş etdirib.

Seminar sənaye ilə hökumət arasında davamlı əməkdaşlığın vacibliyini bir daha vurğulamaqla yanaşı, sağlam rəqabətin olmasının da regionun texnoloji irəliləyişində və Azərbaycanın qabaqcıl enerji texnologiyaları sahəsində regional lider mövqeyinin gücləndirilməsində əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti