Bakı. Trend:
15 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) yeni baş katibi Ramil Həsəni qəbul edib.
Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazir Ceyhun Bayramov Ramil Həsəni belə nir mötəbər quruma baş
katib təyin edilməsi münasibətilə təbrik edib və ona fəaliyyətində
uğurlar arzulayıb.
Görüşdə TÜRKPA çərçivəsində əməkdaşlıq məsələləri, Assambleyanın
hazırkı və gələcək fəaliyyəti, üzv ölkələr arasında
parlamentlərarası əməkdaşlığın genişləndirilməsi perspektivləri
ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov TÜRKPA-nın türk dövlətləri arasında mövcud
qardaşlıq və dostluq əlaqələrinin parlamentlərarası səviyyədə
inkişafı baxımından vacib platforma olduğunu diqqətə çatdıraraq,
dövlətlərimiz arasında siyasi, iqtisadi, sosial, mədəni, humanitar
və s. sahələr üzrə əməkdaşlığın genişləndirilməsində parlament
diplomatiyasının əhəmiyyətini vurğulayıb.
Türk dövlətləri arasında müxtəlif səviyyələrdə təmasların
artırılmasının regional və beynəlxalq təşkilatlar çərçivəsində
qarşılıqlı faydalı əməkdaşlığa təkan verdiyi diqqətə çatdırılıb.
TÜRKPA-nın digər parlamentlərarası əməkdaşlığa məsul təşkilatlarla
əməkdaşlığının əhəmiyyəti vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
müzakirə olunub.