Xankəndi. Trend:
Qarabağın yeni yaşayış məntəqələrində sakinlər xəstəxana, məktəb, uşaq bağçası və digər xidmət mərkəzlərinə 15 dəqiqədə çata biləcəklər.
Trend xəbər verir ki, bunu Prezidentin Qubadlı, Cəbrayıl və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev Xankəndidə keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Qarabağda və Şərqi Zəngəzurda təkcə dağıdılmış şəhərlər bərpa edilmir, həm də sıfırdan dayanıqlı və ağıllı yaşayış mühitləri yaradılır:
“Qarabağdakı yeni yaşayış məntəqələrində sakinlər xəstəxana, məktəb, uşaq bağçası və xidmət mərkəzlərinə 15 dəqiqə ərzində çata biləcəklər. Bu, yaşıl və səmərəli həyat tərzini təşviq edən “15 dəqiqəlik şəhər modeli”dir. Bu yanaşma vasitəsilə həm büdcəyə qənaət olunur, həm də sakinlər üçün rahatlıq təmin olunur”.
V. Hacıyevin sözlərinə görə, bütün şəhər və kəndlərin baş planları müasir şəhərsalma prinsipləri əsasında hazırlanıb:
“Yeni kənd və qəsəbələr əsas magistral və tranzit xətləri boyunca salınır. Bu, sakinlər üçün iş yerlərinə, logistika mərkəzlərinə və sənaye zonalarına çıxışı asanlaşdırır, eyni zamanda yerli sahibkarlığı stimullaşdırır”.