Bakı. Trend:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 2025-ci ilin yanvar-sentyabr ayları ərzində ölkədə fəaliyyət göstərən heyvan kəsimi müəssisələrində ümumillikdə 16 yoxlama (8 planlı və 8 plandankənar) keçirilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib
Bildirilib ki, plandankənar yoxlamalar heyvan kəsimi məntəqəsinin sanitar norma və qaydalara əməl etmədən fəaliyyət göstərməsi, məhsulların saxlanılması qaydalarına riayət edilməməsi, eləcə də dezinfeksiya işlərinin aparılmaması ilə bağlı Agentliyə daxil olmuş vətəndaş müraciətləri əsasında keçirilib:
"Yoxlamalar zamanı 16 müəssisədə nöqsan aşkar edilib ki, həmin müəssisələrin vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb edilib və pozuntuların aradan qaldırılması üçün icrası məcburi olan göstərişlər verilib.
Aşkar edilmiş uyğunsuzluqlar əsasən aşağıdakılardan ibarətdir:
1. Müəssisənin sanitar-texniki vəziyyətinin qeyri-qənaətbəxş
olması;
2. İşçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi;
3. Müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin
aparılmaması".
"AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır. Agentlik bir daha vətəndaşları qanunsuz fəaliyyət göstərən, eyni zamanda qida təhlükəsizliyi tələblərini kobud şəkildə pozan heyvan kəsimi məntəqələrinin xidmətindən (küçə kəsimi) istifadə etməməyə, bu istiqamətdə ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi üçün prosesdə aktiv iştiraka, eyni zamanda bu sahədə müşahidə etdiyi qanunsuz fəaliyətlərlə bağlı AQTA-nın 1003-Çağrı Mərkəzinə məlumat verməyə çağırır",- deyə Agentlikdən qeyd edilib .