...

İstehsalatda bədbəxt hadisələrlə bağlı meyarlar üzrə proses tam elektronlaşdırılacaq

Cəmiyyət Materials 16 Oktyabr 2025 14:46 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı.Trend:

Təqdim olunan layihə qanunvericilikdəki normativ boşluqları aradan qaldırmağa yönəlmiş vacib bir islahat tədbiridir. Təxminən 2-3 ilə yaxın bir müddətdə bu proses – layihənin hazırlanması, razılaşdırılması və araşdırılması icra edilib.

Trend xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Sabir Qocayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Şöbə müdiri xatırladıb ki, Tibbi Sosial Ekspertiza Komissiyalarının vəzifələrindən biri peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsidir:

“Lakin bu sahədə konkret və dəqiq meyarların olmaması bizi bu qənaətə gətirdi ki, məsələ kompleks şəkildə tənzimlənməlidir. Tapşırıq da bu məqsədlə verilib və nəticədə geniş bir meyar sənədi – peşə əmək qabiliyyətinin itirilməsi hallarının qiymətləndirilməsi ilə bağlı normativ sənəd hazırlanaraq ortaya çıxıb”.

Nazirlik rəsmisi vurğulayıb ki, bu sənəd aidiyyəti qurumlar – Səhiyyə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, eləcə də sığorta sektorunun nümayəndələri ilə razılaşdırılıb:

“Çünki məsələ yalnız bir dövlət qurumuna aid deyil — bu, həm də icbari sığorta sisteminə, işəgötürən məsuliyyətinə və sosial müdafiə mexanizmlərinə birbaşa təsir göstərən məsələdir”.

S.Qocayev bildirib ki, istehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri üzrə sığorta ödənişləri sığorta şirkətləri tərəfindən həyata keçirilir. Lakin əgər işəgötürən öz vəzifələrini yerinə yetirməyibsə və işçi sığortalanmayıbsa, bu zaman məsuliyyət birbaşa işəgötürənin üzərinə düşür:

“Əlilliyi olan şəxslər dövlət büdcəsi hesabına müəyyən dərman vasitələri ilə təmin olunurlar. Siyahı daim yenilənir və aktual preparatlarla zənginləşdirilir. Sanator-kurort yollayışları da əlilliyi olan şəxslər üçün təmin olunur və bu, əsasən Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir”.

O qeyd edib ki, layihə qəbul olunduqdan sonra Nazirlər Kabineti tərəfindən meyar sənədi də təsdiqlənəcək:

“Bu meyarlar üzrə proses tam elektronlaşdırılacaq, sənəd sayı minimuma endiriləcək, subyektivlik aradan qaldırılacaq və bütün qiymətləndirmələr obyektiv göstəricilər əsasında aparılacaq.

İstehsalatda baş verən bədbəxt hadisələrdə və peşə xəstəliklərində müəyyən azalma müşahidə olunur. Lakin bu sahə hələ də xüsusi diqqət tələb edir, çünki peşə xəstəlikləri spesifik və fərqli yanaşma tələb edən hallardır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti