Bakı. Trend:
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən həkim, Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi baş tutub.
Trend xəbər verir ki, Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə baş verən qəza ilə bağlı rəy verən ekspertlər Təhmasib Bağırov və Lətif Əliyev tərəflərin suallarını cavablandırıb.
Təqsirləndirilən Azər Maqsudovun vəkili Musa Abdinov ekspertlərin hadisə ilə bağlı verdiyi rəyin yanlış olduğunu bildirib.
Ekspertlər də öz növbəsində hadisə ilə bağlı verdikləri rəyi prosesdə izah ediblər.
Onlar yanlış rəy vermədiklərini bildiriblər.
Zərərçəkmiş tərəfin vəkilləri ekspertin rəyi ilə razılaşıb.
Daha sonra məhkəmə mülki iddiaya baxıb.
Təqsirləndirilən Azər Maqsudov mülki iddianı qəbul etməyib:
“O, bildirib ki, qarşı tərəf əvvəlcə bizdən 2 ədəd 2 otaqlı mənzil istəsə, sonra 400 min manat, 250 min manat, sonda isə 125 min manat tələb edib. Lakin biz o məbləği qarşılaya bilmədik və 45 min manat təklif etdik. Mənim himayəmdə 2 azyaşlı var. Həmin azyaşlılardan biri l qrup əlildir”.
Məhkəmə istintaqı yekunlaşıb.
Dövlət ittihamçısı məhkəmədən çıxış üçün vaxt istəyib.
Məhkəmənin növbəti iclası 27 oktyabrda keçiriləcək.
Xatırladaq ki, qəza 2023-cü ilin noyabr ayında Sabunçu rayonu ərazisində baş verib.
Azər Maqsudov həmin ayın 15-də saat 23 radələrində Sabunçu rayonu ərazisində idarə etdiyi “Mercedes” markalı avtomobillə qəza törədib. Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. A.Maqsudov xəsarət alan A.Acaloğlunu dərhal Sabunçu rayon xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Hadisə nəticəsində ölən Arif Acaloğlu İstanbul Mərmərə Universitetinin müəllimi, türkoloq alim olub. Türkiyədə yaşayan alim Bakıya noyabrın 16-da keçirilən beynəlxalq elmi konfransda iştirak etmək üçün gəlibmiş.