Astana. Trend:
Qazaxıstan və Azərbaycan informasiya texnologiyaları və süni intellekt sahəsində əməkdaşlığın inkişafı üçün əhəmiyyətli potensiala malikdirlər.
Trend-in Astanaya ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Qazaxıstanın Milli İqtisadiyyat Nazirliyinin Sahibkarlığın müdafiəsi və inkişafı idarəsinin rəis müavini Daniyar Meyrbekov bildirib.
“Azərbaycan və Qazaxıstan arasında IT texnologiyaları sahəsində əməkdaşlıq üçün həqiqətən böyük potensial var. Bu istiqamətdə xeyli iş görülür”, – deyə Meyrbekov qeyd edib.
Onun sözlərinə görə, Qazaxıstan qarşıdakı üç il ərzində süni intellekti iqtisadiyyatın bütün sahələrinə tətbiq etməyi planlaşdırır. Meyrbekov xatırladıb ki, ölkədə Alem.AI Süni İntellekt Mərkəzi yaradılıb və Qazaxıstan Prezidenti yanında Süni İntellekt Şurası formalaşdırılıb.
“Şuraya dünyanın müxtəlif ölkələrindən ekspertlər daxildir və bütün bunlar süni intellekt sahəsində təşəbbüslərin reallaşdırılması üçün əsas yaradır”, – deyə nazirlik nümayəndəsi bildirib.
O, həmçinin qeyd edib ki, Qazaxıstanda Mərkəzi Asiyanın ən böyük superkompüteri istifadəyə verilib.
“Onun bazasında “KAZ LLM” adlı Qazax dili modeli hazırlanır.Bütün bu addımlar süni intellektin inkişaf üçün düzgün istifadəsinə yönəlib”, – deyə Meyrbekov əlavə edib.
Onun sözlərinə görə, kadr hazırlığına xüsusi diqqət yetirilir.
“12-18 yaş arası gənclər üçün süni intellekt üzrə tədris proqramları həyata keçirilir. Bu proqramlar çərçivəsində video montajda süni intellektin istifadəsi öyrədilir. Daha sonra bu gənclər ali təhsillərini davam etdirə, beynəlxalq böyük texnologiya şirkətləri ilə birgə elmi-tədqiqat laboratoriyalarında potensiallarını reallaşdıra bilərlər”, – deyə o izah edib.
İkitərəfli əməkdaşlıq perspektivlərindən danışan Meyrbekov dil modellərinin yaradılması sahəsində əməkdaşlıq imkanlarının olduğunu bildirib.
“Mən "KAZ LLM" haqqında danışdım. Ölkələrimizin oxşar dil qrupuna mənsub olduğunu nəzərə alaraq, bu təcrübəni Azərbaycan dili, eləcə də digər türk dilləri üçün oxşar modelin yaradılmasında istifadə etmək olar”, – deyə o qeyd edib.
Bundan əlavə, o vurğulayıb ki, dövlət rəqəmsal xidmətləri sahəsində də əhəmiyyətli perspektivlər mövcuddur.
“Bu istiqamətdə hər iki ölkə uğurla irəliləyir. Azərbaycanda vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə ASAN Xidmət mövcuddur. Bu sahədə təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi üçün potensial görürəm”, – deyə Meyrbekov sözlərini yekunlaşdırıb.