Bakı. Trend:
Orbitdə olduğu müddətdə Azersky peykindən milyonlarla meqabayt həcmində ümumilkdə 80 000-dən çox peyk təsviri yüklənib.
Trend xəbər verir ki, bunu Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti icra edən Dunay Bədirxanov "Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi inkişafa töhfəsinin 10 ili" adlı tədbirində bildirib.
O vurğulayıb ki, bu peyk təsvirləri ilə geniş arxiv bazası yaradılıb:
“Peykin arxiv təsvirləri ilə Yerdə baş verən dəyişikliklərin təhlili və proqnozlaşdırması, o cümlədən elmi tədqiqatlar baxımından xüsusi əhəmiyyət kəsb edir.
Əldə edilmiş təsvirlər qonşu ölkələrdə baş verən iriqmiqyaslı fövqəladə halların qiymətləndirilməsi və aradan qaldırılması zamanı da aktiv istifadə olunub”.
“Gürcüstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistanda Dünya Bankının qrant dəstəyi ilə kənd təsərrüfatı, kadastr və su ehtiyatlarının idarəolunması üzrə aparılmış kommersiya layihələri ilə gəlirlərimiz ildən-ilə artıb. Bu da Azersky peykin resurslarının düzgün biznes modelindən və satış strategiyasından xəbər verir”, - deyə D. Bədirxanov qeyd edib.