Bakı. Trend:
Yaxın vaxtlarda Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın yeni prioritetləri müəyyənləşdirilə bilər.
Trend xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç Bakıda keçirilən Mərkəzi Baltik regional biznes forumunda çıxışı zamanı bildirib.
“Avropa İttifaqı Azərbaycanın islahatlar yolunda səylərini dəstəkləməyə, dialoq və birgə öhdəliklər vasitəsilə gələcək tərəfdaşlığı möhkəmləndirməyə sadiq qalır. Biz, həmçinin Azərbaycanla birlikdə tərəfdaşlığın yeni prioritetləri üzərində işləyirik və ümid edirik ki, bu prioritetlər yaxın zamanda razılaşdırılacaq”, - deyə o qeyd edib.
Kuyundziç vurğulayıb ki, Aİ biznes forumlarını şirkətlərin qarşılıqlı fəaliyyəti, yeni əlaqələrin yaradılması və birgə layihələrin inkişafı üçün ənənəvi olaraq səmərəli platforma kimi qiymətləndirir. Bu, eyni zamanda, yeni biznes istiqamətlərinin axtarışı üçün imkanlar yaradan uğurlu bir formatdır.
“Aİ tərəfindən maliyyələşdirilən "Aİ-Azərbaycan Biznes Forumu 2024-2026" (EU-Azerbaijan Business Forum 2024-2026) layihəsini də qeyd etmək yerinə düşər. Bu layihə Aİ ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə yönəlib. Layihənin əsas nəticələrindən biri Biznes Mühiti Hesabatı və investisiyalara müstəqil baxış olacaq" – deyə səfir əlavə edib.