...

Qarsda Azərbaycan dili və ədəbiyyatı ilə bağlı elmi simpozium və “Bir millət, iki dövlət” adlı musiqi otağının açılışı olub (FOTO)

Cəmiyyət Materials 21 Oktyabr 2025 17:13 (UTC +04:00)
Qarsda Azərbaycan dili və ədəbiyyatı ilə bağlı elmi simpozium və “Bir millət, iki dövlət” adlı musiqi otağının açılışı olub (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Qars Qafqaz Universitetində Müasir Türk Ləhcələri və Ədəbiyyatı bölməsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasının 20 illik yubileyinə həsr olunan beynəlxalq elmi simpozium keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə,Qarabağ Zəfərinin 5-ci ildönümü və 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təşkil olunan tədbir Qars Qafqaz Universitetinin təşəbbüsü, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və ölkəmizin Qarsdakı Baş Konsulluğunun dəstəyi ilə baş tutub.

Tədbirin açılışında Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, hər iki ölkənin şəhidlərinin əziz xatirəsi yad olunub, Qarabağ Zəfəri və adıçəkilən ixtisasın tarixçəsi ilə bağlı videoçarxlar göstərilib.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Hikmət Babaoğlu, Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov, Azərbaycanın Qarsdakı Baş konsulu Zamin Əliyev, Qars Qafqaz Universitetinin prorektoru Engin Kılıç, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cavid İsmayıl, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədr müavini Səttar Kaya və başqaları çıxış edərək, Qarabağ Zəfərinin 5-ci ildönümü və 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbriklərini çatdırıb, simpoziumun işinə uğurlar arzulayıblar.

Simpozium Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan olan mütəxəssislərin iştirakı ilə panellər şəklində davam edib.

Qars şəhərində “Bir millət, iki dövlət” adlı musiqi otağı isə “Prof. Dr. Fahrettin Kırzıoğlu adına Elm və Sənət Mərkəzi”ndə açılıb.

Açılış mərasimində Azərbaycan-Türkiyə qardaşlığının güclənməsində Ulu Öndər Heydər Əliyevin rolundan söz açılıb, hər iki ölkənin prezidentləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iki ölkənin qardaşlıq münasibətlərini möhkəmləndirməsindən məmnunluq ifadə olunub. Digər sahələrlə yanaşı, mədəniyyət sahəsində də əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi vurğulanıb.

Sonra “Bir millət, iki dövlət” musiqi otağının açılışını bildirən qırmızı lent kəsilib.

Tədbir bədii hissə ilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti