Bakı. Trend:
Suriya hökuməti ümid edir ki, ABŞ-nin ölkəyə qarşı tətbiq etdiyi sanksiyalar yaxın aylarda rəsmən ləğv olunacaq.
Trend-in məlumatına görə, bu barədə ölkənin iqtisadiyyat naziri Məhəmməd Nidal əş-Şaar oktyabrın 21-də “Reuters” agentliyinə açıqlamasında bildirib.
Əş-Şaarın sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp may ayında Suriya Prezidenti Əhməd əş-Şaraa ilə görüşdən sonra ölkəyə qarşı sanksiyaların böyük hissəsinin aradan qaldırılması barədə göstəriş verib. Lakin 2019-cu ildə qəbul edilən və Suriyanın mülki əhalisinin müdafiəsini nəzərdə tutan “Sezar Qanunu” hələ də ABŞ qanunvericiliyində qüvvədədir.
“Biz bu istiqamətdə başlanmış düzgün yolu davam etdirmək üçün səylər göstərməli və lobbiçilik aparmalıyıq. Ümid edirik ki, ilin sonuna qədər qanun layihəsi prezidentə təqdim olunacaq və o, sənədi imzalayacaq”, – Əş-Şaar Londonda çıxışı zamanı bildirib.
Bundan əlavə, Suriya Prezidenti hökumətin gələn ilin əvvəlində yeni valyutanın dövriyyəyə buraxılmasını planlaşdırdığını da qeyd edib.
