Bakı. Trend:
Nigeriyanın qərbində yanacaq tankeri ilə bağlı baş verən insident nəticəsində ən azı 30 nəfər həyatını itirib, daha 40 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Trend-in məlumatına görə, bu barədə The Nation qəzeti xəbər yayıb. İlkin məlumatlara əsasən, Niger bölgəsinin Aqae–Bida magistral yolunda yanacaq daşıyan tanker qəzaya uğrayıb. Yerli sakinlər tankerdəki yanacağı oğurlamağa cəhd edərkən partlayış baş verib və ətrafa yayılan maye alovlanıb.
Nigeriya Benzin və Qaz Tankerləri Sürücüləri Birliyinin sədri Faruk Məhəmməd Kavo hadisəni təsdiqləyib. Onun sözlərinə görə, ayın əvvəlindən Niger əyalətində təxminən 30 oxşar hadisə qeydə alınıb.