Bakı. Trend:
Luvr muzeyində baş vermiş zinət əşyalarının oğurlanması nəticəsində muzeyə 88 milyon avro dəyərində zərər dəyib.
Trend-in məlumatına görə, bu barədə Paris prokuroru Lor Bekko RTL radiosuna açıqlamasında bildirib. “Luvr direktoru zərəri 88 milyon avro olaraq qiymətləndirir. Məbləğ təsirli olsa da, bu, tarixə vurulan zərərlə müqayisə oluna bilməz”, – deyə Bekko vurğulayıb.
Fransanın Mədəniyyət Nazirliyi Financial Times qəzetinə açıqlamasında bildirib ki, oğurlanan zinət əşyaları sığortalanmayıb. Nazirlikdən qeyd olunub ki, Luvrda belə bir siyasət mövcud deyil, çünki Leonardo da Vinçinin “Mona Liza”sı və “Tanisin Böyük Sfinksi” kimi əsərlərin dəyərini müəyyənləşdirmək mümkün deyil.
Nazirlik sözçüsünün sözlərinə görə, milli muzey eksponatları normal saxlanma şəraitində olduqda onların sığortaçısı birbaşa dövlət sayılır.
Xatırladaq ki, oktyabrın 19-da Luvr muzeyində baş verən qarət zamanı “Fransa taxtının inciləri”nin saxlandığı qalereyadan səkkiz ədəd zinət əşyası oğurlanıb. Oğrular hadisə yerindən qaçmağı bacarıblar. Luvrun Apollon qalereyasında törədilən oğurluq zamanı İmperatrisa Evgeniyaya məxsus təxminən 2000 brilliantla bəzədilmiş diadem, Kraliça Mari-Ameliyanın sapfir boyunbağısı və III Napoleonun anasına aid qiymətli bəzəklər də oğurlanan əşyalar arasında olub.