Bakı. Trend:
Böyük Britaniya Qəzza zolağında atəşkəsə nəzarət səylərinə dəstək məqsədilə bölgəyə ali rütbəli zabit və az sayda əsgər göndərib.
Trend-in məlumatına görə, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi açıqlama verib.
Məlumata görə, ABŞ-nin rəhbərlik etdiyi mülki-hərbi sabitləşdirmə qüvvələrinin tərkibində ikiulduzlu britaniyalı general ABŞ tərəfindən dəstəklənən Qəzza sabitləşdirmə missiyasının komandir müavini təyin olunub.
Müdafiə naziri Con Hili bildirib ki, az sayda britaniyalı planlaşdırma zabiti Mülki-Hərbi Koordinasiya Mərkəzinə qoşulub. Nazir qeyd edib ki, bu addım Böyük Britaniyanın ABŞ-nin təşəbbüsü ilə irəli sürülən münaqişədən sonrakı sülh planında fəal iştirakını təmin edəcək.
Müdafiə Nazirliyinin açıqlamasında vurğulanır ki, bu yerləşdirmə ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə aparılan danışıqlar çərçivəsində Qəzzadakı atəşkəsin sabitləşdirilməsi istiqamətində beynəlxalq səylərə dəstək məqsədi daşıyır.