Bakı. Trend:
Azərbaycanla Ermənistan arasında sülh gündəliyi üzrə əldə edilmiş razılaşmalar regionda davamlı əməkdaşlığın təmin olunması baxımından tarixi əhəmiyyət kəsb edir.
Trend-in məlumatına görə, bunu Baş nazir Əli Əsədov V Tbilisi İpək Yolu Forumunda çıxışı zamanı deyib.
Baş nazir bildirib ki, bölgədə kommunikasiyaların açılması, o cümlədən Azərbaycanın əsas ərazisinin ölkənin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşməsi beynəlxalq yükdaşımalar üçün regionun tranzit imkanlarının genişlənməsinə xidmət edəcək.
“Əminik ki, cari ilin avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalara əsasən regionda açılacaq yeni marşrut Orta Dəhlizin mühüm seqmentlərindən birinə çevriləcək və onun qlobal nəqliyyat şəbəkəsində rolunun artmasına töhfə verəcək.
Yeri gəlmişkən Azərbaycan regionda əməkdaşlığın və etimad mühitinin bərpasına sadiqliyini nümayiş etdirməyə davam edir.
Azərbaycan tərəfi Ermənistan istiqamətində yük tranziti ilə bağlı işğal dövründən qalan bütün məhdudiyyətləri aradan qaldırmaqla bu istiqamətdə mühüm töhfə verib.
Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınması bu baxımdan atılmış ilk praktiki addımdır”, - deyə Əli Əsədov vurğulayıb.