Bakı. Trend:
Orta dəhliz Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı marşrut kimi artıq özünü təsdiqləyib.
Trend-in məlumatına görə, bunu Baş nazir Əli Əsədov V Tbilisi İpək Yolu Forumunda çıxışı zamanı deyib.
Baş nazir bildirib ki, Azərbaycan və Gürcüstan bu strateji nəqliyyat dəhlizinin formalaşması və inkişafında aparıcı mövqe tutur:
“Ölkələrimiz həm coğrafi mövqelərinə, həm də müasir nəqliyyat infrastrukturuna görə Orta dəhlizin ən mühüm iştirakçıları sırasındadır. Biz bu istiqamətdə səylərimizi birləşdirərək, dəhliz boyunca infrastrukturun genişləndirilməsi, keçid proseslərinin sadələşdirilməsi və tranzit imkanlarının artırılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atırıq”.
Əli Əsədov vurğulayıb ki, liman və logistika mərkəzlərinin modernləşdirilməsi, rəqəmsal həllərin tətbiqi kimi layihələr bu əməkdaşlığın bariz nümunələridir:
“Görülmüş tədbirlər nəticəsində son üç ildə Orta Dəhliz üzrə tranzit yük həcmləri təxminən 90 % artıb ki, bu, onun səmərəliliyini və artan aktuallığını nümayiş etdirir. Bununla yanaşı, dəhliz üzrə yük daşımaların tranzit müddəti əhəmiyyətli dərəcədə azalıb (15 günə enib)”.