Bakı. Trend:
Azərbaycan və Ermənistan sülh prosesinə daha institusional xarakter verməyin üzərinə çalışır.
Trend xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan 5-ci Tbilisi İpək Yolu Forumunda çıxışında deyib.
“Hazırda biz Vaşinqtonda paraflanmış Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Müqavilənin imzalanması və ratifikasiyası vasitəsilə Azərbaycanla birlikdə sülh prosesinə daha institusional xarakter vermək üzərində çalışırıq Bizim təkcə sülhü deyil, həm də çiçəklənən və inkişaf edən bir Cənubi Qafqazı təmin etmək üçün tarixi bir imkanımız var”, - deyə o qeyd edib.
Paşinyan vurğulayıb ki, sonda sülh, firavanlıq və inkişaf ticarət axınlarının, boru kəmərlərinin və elektrik ötürmə xətlərinin daimi müşayiətçisinə çevrilir.
“Malların, boru kəmərlərinin və elektrik enerjisinin hərəkəti Cənubi Qafqaz regionuna bundan da çox firavanlıq və inkişaf gətirəcək. Bu isə öz növbəsində sülhün daha da möhkəmlənməsinə, hər birimiz - həm Ermənistan, həm Gürcüstan, həm də Azərbaycan üçün ticarətin, rifahın və inkişafın miqyas və sürətinin artmasına xidmət edəcək”,- Ermənistanın baş naziri əlavə edib.