Bakı. Trend:
Gürcüstan Avropa ilə Asiyanın, Şərqlə Qərbin birləşməsində strateji rol oynayır.
Trend xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakliy Kobaxidze Tbilisidə keçirilən 5-ci İpək Yolu Forumunda çıxışında deyib.
“Gücüstan Qara dənizi Xəzər dənizi ilə birləşdirir və biz bu istiqamətdə ölkəmizin potensialını tam olaraq gerçəkləşdirmək üçün bütün lazımı səyləri göstəririk”, - deyə Kobaxidze vurğulayıb.
Baş nazir son onillikdə əldə olunan mühüm irəliləyişləri də qeyd edib.
“2023-cü ildə ölkəmiz vasitəsilə həyata keçirilən tranzit daşımalarının həcmi əvvəlki illə müqayisədə 15 faiz artıb. Enerji əlaqələrinə gəldikdə isə, Xəzər regionundan Qərb istiqamətində Gürcüstan üzərindən 12 milyard kubmetrdən çox təbii qaz nəql olunur. Bu göstəricilər təkcə Gürcüstanın iqtisadi artımına töhfə vermir, həm də dünyanın müxtəlif ölkələri arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə xidmət edir”, - deyə o bildirib.
Kobaxidze həmçinin, Gürcüstanın regional enerji və rəqəmsal mərkəzə çevrilmək niyyətini vurğulayıb. “Əsas layihələrdən biri Qara dənizin dibi ilə çəkilən kabeldir. Bu layihəni tərəfdaşlarımızla birgə həyata keçiririk. Layihə Gürcüstanın tranzit qovşağı kimi rolunu daha da möhkəmləndirəcək”, - deyə gürcüstanlı baş nazir qeyd edib.
Baş nazir qonşu ölkələrlə və strateji tərəfdaşlarla əməkdaşlığın vacibliyinə də diqqət çəkib.
“Biz siyasi və strateji baxımdan Azərbaycan, Türkiyə və Ermənistanla əməkdaşlıq edirik və bu əlaqələri inkişaf etdirməkdə qərarlıyıq. Mərkəzi Asiya da bizim prioritetlərimiz sırasındadır və biz ticarət, nəqliyyat və digər əməkdaşlıq sahələrində həmin regiondakı bütün ölkələrlə əlaqələr qurmağa çalışırıq”,- deyə Kobaxidze qeyd edib.