Bakı. Trend:
Son 20 ildə həyata keçirilən pul siyasəti nəticəsində ölkədə makroiqtisadi sabitlik təmin olunub, orta illik inflyasiya təxminən 6 % ətrafında saxlanılıb. Bu siyasət eyni zamanda iqtisadi artımı dəstəkləməklə optimal balans yaradıb.
Trend xəbər verir ki, bunu Mərkəzi Bank sədrinin müavini Əli Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən “Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.
Sədr müavini vurğulayıb ki, yeni pul siyasəti çərçivəsi formalaşdırılıb, alət arsenalı təkmilləşdirilib, pul bazarı aktivləşdirilib. Xarici mühitdə artan qeyri-müəyyənliklərə baxmayaraq, valyuta bazarında sabitlik qorunub, manatın məzənnəsi sabit saxlanılıb. Tədiyyə balansının profisitli olması və strateji valyuta ehtiyatlarının artması bu sabitliyin əsas dayaqları olub.
“Son 20 ildə Azərbaycanın strateji valyuta ehtiyatları 38 dəfədən çox artıb və bu strateji valyuta ehtiyatlarının mövcud səviyyəsi ümumi daxili məhsulun 100%-ni üstələyir.
Bu ehtiyatlar 37 aylıq mal və xidmət idxalını maliyyələşdirməyə kifayət edir. Bu, təkcə sabitliyin göstəricisi deyil, həm də gələcək nəsillərin iqtisadi təhlükəsizliyinin təminatıdır”, - deyə Ə.Əhmədov vurğulayıb.