Bakı. Trend:
Bu gün biz artıq neft-qaz sahəsindəki uğurlu əməkdaşlığımızı yeni mərhələyə yüksəldərək, yaşıl enerji istiqamətində inkişaf etdiririk.
Trend-in məlumatına görə, bunu Baş nazir Əli Əsədov V Tbilisi İpək Yolu Forumunda çıxışı zamanı deyib.
Baş nazir bildirib ki, Azərbaycan və Gürcüstan bərpa olunan enerji mənbələrinin inkişafı və “Xəzər – Qara dəniz – Avropa Yaşıl Enerji Dəhlizi” təşəbbüsü çərçivəsində də güclü tərəfdaşlar kimi çıxış edirlər.
“Bu, bizim gələcəyə yönəlmiş ortaq baxışımızın və dayanıqlı inkişaf prinsiplərinə sadiqliyimizin göstəricisidir.
Şübhə yoxdur ki, çoxtərəfli əməkdaşlıq regionda sabitliyin, qarşılıqlı etimadın və uzunmüddətli tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir.
Biz inanırıq ki, qarşıdakı illərdə birgə səylərimiz nəticəsində nəqliyyat, logistika və tranzit sahələrində yeni təşəbbüslər həyata keçiriləcək, regionun geoiqtisadi əhəmiyyəti daha da artacaq.
Azərbaycan regionun tranzit və enerji potensialının tam reallaşdırılması, dayanıqlı logistik zəncirlərin və yaşıl enerji dəhlizlərinin qurulması üçün bundan sonra da öz səylərini əsirgəməyəcəkdir. Bu istiqamətdə bütün tərəfdaşlarla açıq və qarşılıqlı faydalı əməkdaşlığa hazırıq”, - deyə Əli əsədov vurğulayıb.