Bakı. Trend:
Şərqlə Qərbi birləşdirən strateji nəqliyyat marşrutu – Böyük İpək Yolu üzərində yerləşən Azərbaycan və Gürcüstan əsrlər boyu Avropa ilə Asiya arasında körpü rolunu oynayaraq ticari-iqtisadi əlaqələrin inkişafına, mədəni və humanitar mübadilənin möhkəmlənməsinə mühüm töhfələr veriblər.
Trend-in məlumatına görə, bunu Baş nazir Əli Əsədov V Tbilisi İpək Yolu Forumunda çıxışı zamanı deyib.
Baş nazir bildirib ki, bu gün Azərbaycan və Gürcüstan həmin tarixi missiyanı yeni məzmunda davam etdirərək regional əməkdaşlığın gücləndirilməsində aparıcı rol oynayırlar, Avrasiya məkanında yeni nəqliyyat və logistika marşrutlarının formalaşmasında əsas iştirakçılar qismində çıxış edirlər.
“Azərbaycan və Gürcüstanı birləşdirən dostluq və strateji tərəfdaşlıq münasibətləri uzun illərdir ki, regionda sabitliyin və inkişafın mühüm dayaqlarından biridir.
Bu gün ölkələrimiz yalnız siyasi baxımdan deyil, həm də iqtisadi, enerji və nəqliyyat sahələrində etibarlı tərəfdaşlardır”, - deyə Əli Əsədov vurğulayıb.