...

Azərbaycan və Kolumbiya arasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Cəmiyyət Materials 22 Oktyabr 2025 09:59 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin Kolumbiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Müşfiq Cəfərov və qrupun üzvü Müşfiq Məmmədli Kolumbiyaya səfər ediblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, səfər Kolumbiya Konqresinin Nümayəndələr Palatasının Azərbaycanla dostluq qrupunun dəvəti əsasında həyata keçirilib.

Bildirilib ki, səfər zamanı Milli Məclisin deputatları Kolumbiya Konqresinin tarixi binası ilə tanış olublar, Nümayəndələr Palatası və Senatın plenar iclaslarında iştirak ediblər. Milli Məclisin deputatları burada Kolumbiya Konqresinin Nümayəndələr Palatasının Azərbaycanla dostluq qrupunun rəhbəri Pedro Suares və qrupun üzvləri ilə, həmçinin digər bir sıra ikitərəfli görüşləri keçirilib.

Senatın baş katibi Dieqo Qonsales, Nümayəndələr Palatasının baş katibinin müavini Raul Avila, “Colombia Humana” siyasi hərəkatının sədri Qloria Flores ilə keçirilmiş görüşlərdə parlament diplomatiyasının və qarşılıqlı səfərlərin iki ölkə arasında münasibətlərin inkişafında önəmli yer tutduğuna diqqət çəkilib, ümumi çağırışlarla mübarizədə parlamentlərin iştirak səviyyəsinin artırılmasının əhəmiyyətinə toxunulub. Tərəflər Azərbaycan və Kolumbiya arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin möhkəmləndirilməsi baxımından parlamentlərarası əməkdaşlığın genişləndirilməsi və yeni birgə təşəbbüslər barədə fikir mübadiləsi aparıblar.

Azərbaycanlı parlamentarilər həmçinin Kolumbiyanın səhiyyə naziri Qiyermo Xaramiyo və Kolumbiya xarici işlər nazirinin ofisinin rəisi, Kolumbiyanın 2019-2022-ci illərdə ölkəmizdə səfiri olmuş Luis Dimate ilə görüşüblər, Kolumbiya Konqresinin rəsmi televiziyası “Canal Congreso” və “El Mismo” yerli televiziya kanallarına müsahibələr veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti